Saray Bərkə
Saray Bərkə — bu orta əsr şəhəri mənbə və məxəzlərdə həm də Saray əl-Cədid, Şəhr əl-Cədid əl Məhrusə, Orda əl-Cədid kimi də çəkilir. Qızıl Orda imperiyasının paytaxtı olmuşdur.
Saray Bərkənin xarabalıqları Volqoqrad vilayətinin Lenin rayonuna daxil olan Tsarev kəndi (Aktoba çayı üzərində) ərazisindədir. Şəhəri 1260-cı ildə Qızıl Orda xanı Bərkə xan (1256–1266)saldırmışdı.
Batı xan öldüyü il, hakimiyyətə Batı xanın qardaşı Bərkə (və ya Bərkay, Bərkə Oğul) keçir. Bərkə müsəlman idi; tarixdə ilk müsəlman Qızıl Orda hökmdarı olaraq düşən Bərkə xan islamiyyəti hələ qardaşı oğulları zamanında qəbul etmişdi. Bərkə xanın İdil kənarında geniş düzənlikdə saldırdığı Saray Bərkə şəhəri geniş küçələri, böyük və dolu bazarları olan möhtəşəm bir şəhər idi.
Həqiqətən vaxtilə Sarayda olan səyyahların göstərdiyi kimi XIV əsrin I yarısında şəhər özünün tərəqqi dövrünü yaşamaqda idi. Belə ki, 1333-cü ildə Saray Bərkədə olmuş İbn Bəttutə Saraydan böyük (səyyahın qeydinə görə onun ətrafını atla bir günə dolanmaq olarmış) abad şəhər kimi bəhs edərək burada bir çox xalqların — monqollar, aslar, qıpçaqlar, çərkəzlər, ruslar və başqalarının yaşadıqlarını göstərir.
Saray Bərkədə Cuci ulusu xanlarının sikkələri (bunlar elm aləmində Cuci sikkələri adı ilə məşhurdur) kəsilirdi.